15:51

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı zavodunun açılışında olublar

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı zavodunun açılışında olublar

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılış mərasiminə qatılıblar.

Dövlət başçısına və birinci xanıma “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl yeni yaradılan obyekt barədə ətraflı məlumat verib.

Tədbir zamanı diqqətə çatdırılıb ki, Şərqi Zəngəzur iqtisadi rayonunda Holdinq tərəfindən inşa edilən bu fabrikdə qazlı və qazsız sular, eləcə də soyuq çay, meyvə tərkibli, vitaminli və aşağı kalorili içki növləri hazırlanacaq. Ümumi sahəsi 10 hektar təşkil edən müəssisənin illik istehsal gücü 150 min tona bərabərdir. Məhsulların daxili tələbatı ödəməklə bərabər, xarici bazarlara da çıxarılması planlaşdırılır. Obyektdə İtaliyada istehsal olunmuş qabaqcıl texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal xətti suyun təmizlənməsi, şərbətin hazırlanması, qarışdırma və qazlaşdırma, məhsulların plastik butulkalara həmçinin şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və son qablaşdırma mərhələlərini əhatə edir.

Görülən işlərin ümumi dəyəri 70 milyon manat təşkil edir. Maliyyələşmə prosesində şəxsi vəsaitlər və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə 5 milyon manat həcmində güzəştli kreditdən, həmçinin əlavə 5 milyon manatlıq kredit üzrə zəmanət və faiz subsidiyası mexanizmindən yararlanılıb. Qeyd olunan zavodda 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.

Xatırladaq ki, sözügedən müəssisə Şərqi Zəngəzur iqtisadi rayonunda qida sənayesinin tərəqqisinə töhfə verməklə bərabər, vətəndaşların məşğulluğunun təmin edilməsində də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu layihənin həyata keçirilməsi respublikamızın ixrac imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərir.

Xəbər lenti

    Çox oxunanlar