
Lider.com.az istinadən bildirir ki, Fariz Məhərrəmovun təqsirləndirildiyi siqaret qaçaqmalçılığı işi üzrə növbəti məhkəmə iclası baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə reallaşan prosesdə şahidlər dinlənilib.
Məhkəmə iclasında ifadə verənlər arasında Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun sabiq rəisi, iş üzrə ittiham olunan Fərid Usubov da yer alıb.
Fərid Usubov Fariz Məhərrəmovu tanımadığını qeyd edərək bildirib ki, limanda post rəisi vəzifəsində çalışıb və onun işi gələn yüklərin rəsmiləşdirilməsi ilə bölgüsündən ibarət olub, həmçinin aprelin 24-də konteynerlərin gəmi ilə yüklənib yola salınmasından xəbərsizdir, ona yanlış məlumat verilə bilərdi, lakin o vaxta qədər belə hallarla qarşılaşmayıb.
Digər təqsirləndirilən şəxs Rövşən Tarverdiyev də Fariz Məhərrəmovu tanımadığını və işdə adı keçən 6-7 sotluq açıq sahəni anbar qismində işlətdiyini diqqətə çatdırıb.
Şahid xidmət rəisi olduğunu və Rəşad Daşdəmirovun tapşırıqlarını yerinə yetirdiyini söyləyərək vurğulayıb ki, Rəşad Daşdəmirov ona məsuliyyətə cəlb olunacağı təqdirdə narahat olmamasını, məsələni həll edəcəklərini deyib və hətta 150 minlik kreditini ödəyəcəyinə söz verib.
Dövlət ittihamçısı Zaur Həşimovun ibtidai istintaqdakı ifadəsilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu diqqətə çatdıraraq onun əvvəlki açıqlamasını elan edib.
Həmin ifadəyə əsasən, Z.Həşimov yükün gəmidə gəldiyini qabaqcadan bildiyini, Rəşad Daşdəmirov və digər məsul şəxslərin göstərişləri əsasında hərəkət etdiyini etiraf edib.
Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.
Xatırladaq ki, aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim edilən Fariz Məhərrəmov barəsindəki cinayət işi ayrıca icraata ayrılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində cinayət işi başlanan Fariz Məhərrəmovsa Cinayət Məcəlləsinin 206.4, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
