16:01

Səhiyyə Nazirliyi mövsüm keçidlərində uşaqların sağlamlığı ilə bağlı xəbərdarlıq edib

Səhiyyə Nazirliyi mövsüm keçidlərində uşaqların sağlamlığı ilə bağlı xəbərdarlıq edib

Lider.com.az istinadən bildirir ki, həkimlər fəsillərin dəyişməsini, xüsusilə payız-qış və yaz-yay keçidlərini nəzərdə tutaraq, bu dövrlərin insan orqanizminə həm fiziki, həm də psixoloji baxımdan təsir göstərdiyini bildirirlər.

Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova qeyd edib ki, havanın temperaturunun kəskin şəkildə dəyişməsi, eləcə də soyuğa və istiyə uyğunlaşma prosesi immun sistemini həddindən artıq yükləyir ki, nəticədə soyuqdəymə və müxtəlif virus xəstəliklərinin sayı artır.

Onun sözlərinə görə, uşaqların immun sistemi böyüklərlə müqayisədə rütubət və temperatur dalğalanmalarına qarşı daha həssaslıq göstərir və günəş işığının miqdarının dəyişməsi bioloji saatları, eləcə də sirkad ritmləri kobud şəkildə pozaraq yuxu çatışmazlığına və sistemli stressə səbəb olur.

Payız və qış aylarında uşaqlar arasında virus infeksiyalarının çoxalmasını birbaşa mövsüm dəyişikliyi ilə əlaqələndirməyin tam düzgün olmadığını söyləyən mütəxəssis vurğulayıb ki, bu cür xəstəliklər əsasən bağça və məktəblilər arasında yayılır, çünki yayda havaların isti keçməsi virusların aktivliyini azaldır və həmin kateqoriyadan olan uşaqlar tətildə olurlar, payızda isə həm virusların aktivliyi yüksəlir, həm də uşaqlar qapalı və sıx məkanlarda daha çox vaxt keçirirlər.

Nuranə Hüseynova xəbərdarlıq edib ki, mövsümi keçidlər zamanı hava gün ərzində kəskin dəyişə bilər və buna görə də uşağa tək qalın geyim əvəzinə, zərurət yarandıqda çıxarıla bilən bir neçə qat nazik, pambıq paltar geyindirmək, eləcə də sintetik materiallardan uzaq durmaq məsləhətdir, həmçinin rasiona sitrus meyvələri, brokkoli, balqabaq və nar kimi C vitamini, sink, eləcə də antioksidantlarla zəngin qidalar daxil edilməlidir.

Həmçinin möhkəm immunitetin əsasının keyfiyyətli yuxudan ibarət olduğunu diqqətə çatdıran pediatr keçid dövründə uşaqların hər gün eyni vaxtda yatmasına və yaş normasına uyğun olaraq azı 9-11 saat dincəlməsinə diqqət yetirilməsini, havaların soyuması ilə əlaqədar az su içdikləri halda selikli qişaların nəmli qalması üçün onlara bol su, təbii şirələr və ilıq şorbalar verilməsini, eyni zamanda bağça və məktəblərdə yoluxmaların qarşısını almaq üçün əllərin sabunla ən azı 20 saniyə yuyulmasının öyrədilməsini tövsiyə edib.

Otaqların havasının müntəzəm olaraq dəyişdirilməli olduğunu qeyd edən həkim istilik sistemləri işə düşdükdə havanın quruduğunu və tənəffüs yollarını viruslar qarşısında müdafiəsiz qoyduğunu qeyd edərək, otaq rütubətinin 40-60 faiz arasında saxlanılmasını xatırladıb.

Sonda mütəxəssis payız-qış aylarında günəş işığı azaldığı üçün uşaqlarda D vitamini səviyyəsinin yoxlanılmasını, halsızlıq və ya burun axması müşahidə olunduqda isə həkim məsləhəti olmadan heç bir antibiotik və ya güclü immunstimullaşdırıcı preparat verilməməli olduğunu, ümumiyyətlə isə həkim təyinatı olmadan uşaqlara hər hansı dərman vasitəsinin verilməsindən çəkinməyin vacibliyini diqqətə çatdırıb.

Xəbər lenti

    Çox oxunanlar